Avqustun 29-da Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşacaq.
NUHÇIXAN xəbər verir ki, Qurban Qurbanovun yetirmələri səfərdə keçirdiyi görüşdə hesabda öndə olsalar da sonda məğlub olublar (2:3). Ağdam təmsilçisi bir topla qalib gələcəyi halda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sergey İvanova həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi olacaq.
Hər iki komanda oyuna itkilərlə çıxacaq.
“Qarabağ” klubunun mərkəz müdafiəçisi Bədavi Hüseynov ilə yarımmüdafiəçi Filip Ozobiçin, qonaqların heyətində isə Qaret Deane və Mark Hauqheyin zədə üzündən meydana çıxmayacaqları dəqiqdir.
Görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.
Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) play-off mərhələsinə vəsiqə qazanıb.