Türkiyənin Rizə şəhərində keçirilən karate üzrə Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində iştirak edən naxçıvanlı idmançılar uğurlu nəticələrlə geri dönüblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb. Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri də iştirak ediblər.
Beynəlxalq turnirdə naxçıvanlı karateçilər 6 müxtəlif əyarlı medal qazanıblar. Belə ki, Vüsal Seyidov, Yaqub Qəmbərov və Zəhra Məmmədova gümüş medala layiq görülüblər. Zəhra Məmmədova, eyni zamanda, bürünc medal qazanmağa da müvəffəq olub. Ayan Məmmədova və Qafar Hüseynov isə beynəlxalq turniri üçüncü pillədə başa vurublar.
Sonda qalib idmançılarımız diplom, medal və kubokla təltif olunublar.