Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisi Fransanın "Monako" komandasının hücumçusu Radamel Falkaonu transfer edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "sarı-qırmızı"lı klubun rəsmi saytı Türkiyədə transfer pəncərəsinin başa çatmasına az müddət qalmış məlumat yayıb.
Məlumatda bu transferlə əlaqədar "Qalatasaray"ın "Monako" ilə danışıqlara başladığı və Türkiyə klubunun futbolçu və onun komandası ilə hərtərəfli razılıq əldə etdiyi vurğulanıb.
Kolumbiyalı hücumçunun İstanbula gələrək tibbi müayinədən keçməsi və rəsmi müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, peşəkar karyerasına Argentinanın "River Pleyt" klubunda başlayan Falkao 2009-cu ildə "Portu"ya transfer olunub. Portuqaliya klubunda iki mövsüm çıxış edən forvard bu müddətdə UEFA Avropa Liqasının, Portuqaliya Liqası və kubokunun qalibi olub. 2011-ci ildə İspaniyanın "Atletiko Madrid" komandasına keçən kolumbiyalı futbolçu orada oynadığı iki mövsümdə UEFA Super Kuboku, UEFA Avropa Liqası və İspaniya Kral Kubokunu qazanıb. 2013-cü ildən "Monako"ya məxsus olan Kolumbiya yığmasının 33 yaşlı üzvü sonuncu mövsümü həmin klubda forma geyinib. Radamel 2014-2015-ci illər mövsümündə İngiltərənin "Mançester Yunayted", 2015-2016-ci illərdə isə "Çelsi" komandasında da icarə əsasında oynayıb.
Son üç mövsümü "Monako"da keçirən və 2016-2017 mövsümündə Fransa komandası ilə Liqa 1-in çempionu olan hücumçu çempionatda meydana çıxdığı 108 oyunda 65 dəfə fərqlənib. O, Kolumbiya millisinin futbol tarixində ən yaxşı bombardir hesab olunur.
Qeyd edək ki, "Qalatasaray"ın rəhbərliyi Falkaonun "Türk Telekom" stadionunda keçiriləcək rəsmi müqaviləyə imzalanma mərasiminə 50 min azarkeş toplamağı planlaşdırır.