UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Sevilya” klubu Meksika yığmasının futbolçusu Xavyer Hernandesin keçidini həll edib.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Andalusiya təmsilçisinin düşərgəsinə gəlib. “Çiçarito” ləqəbli forvardın səhhətində heç bir problem aşkarlanmayacağı təqdirdə, “Sevilya” onun məxsus olduğu İngiltərənin “Vest Hem” klubuna 9 milyon avro ödəyəcək.
“Vest Hem” Hernandesi 2017-ci ildə Almaniyanın “Bayer” klubundan 17,8 milyon avroya alıb. Onun klubu ilə 2020-ci ilin iyulunadək müqaviləsi var.
Meksikalı forvard karyerası ərzində İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” klublarının da formasını geyinib.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı keçirəcək.