Türkiyənin “Qalatasaray” komandası heyətinə yeni futbolçu cəlb edib.
NUHÇIXAN İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, son ölkə çempionu İngiltərənin “Sautqempton” klubundan Mario Leminanı heyətinə qatıb. İyirmi altı yaşlı qabonlu yarımmüdafiəçi birillik icarəyə götürülüb.
M.Lemina karyerası ərzində Fransanın “Loryen”, “Marsel” və İtaliyanın “Yuventus” klublarında oynayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 21 görüşdə meydana çıxıb və 1 qol vurub.
“Sarı-qırmızılar”ın hücumçusu Mbaye Diaqne isə birillik icarə əsasında Belçikanın “Brügge” klubunda çıxış edəcək. Ötən mövsüm “Kasımpaşa”dan “Qalatasaray”a transfer olan seneqallı futbolçu Superliqada oynadığı müddətdə 29 matçda 30 qol vurub.