Sentyabrın 8-də Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı start götürəcək. 14 gün davam edəcək mundialda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
NUHÇIXAN Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, ölkəmiz yarışda tam heyətlə təmsil olunacaq. Baş məşqçi Nəriman Abdullayev dünya çempionatında Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominqes (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (91 kq-dan yuxarı) şans verəcək.
Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Vətənə dönəcək.
Dünya çempionu Cavid Çələbiyev, Olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən millidə yer almayacaq.
Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də olacaq mundialda təsnifat mərhələsinin döyüşləri ayın 9-17-də keçiriləcək. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.