Bakının “Neftçi” futbol komandası daha bir transferini rəsmiləşdirib.
NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə imzalanıb. Otuz yaşlı yarımmüdafiəçi komandanın heyətində 77 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Qarabağ” (2017-2019-cu illər) olan D.Gerye Haitinin "Violett” (2009-2011-ci illər), “Amerika de Ke” (2011-2013-cü illər), Polşanın “Visla” Krakov (2013-2016-cı illər) və Türkiyənin “Alanyaspor” (2016-2017-ci illər) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018-ci il və 2019-cu il) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib və 11 qol vurub.