Sentyabrın 6-da futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
NUHÇIXAN xəbər verir ki, millimiz Kardiff şəhər stadionunda Uels yığmasının qonağı olub.
Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Riçard Almeyda və Pavel Paşayev yer alıblar.
Uels yığmasının ilk on birliyində isə meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens və Daniel Ceyms çıxıblar.
Maltadan olan hakimlər briqadasının idarə etdiyi oyunun 26-cı dəqiqəsində millimizin üzvü Pavel Paşayev avtoqola imza atıb. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib - 1:0.
İkinci hissəyə daha fəal başlayan Azərbaycan futbolçuları matçın 59-cu dəqiqəsində istəklərinə nail olublar. Belə ki, Mahir Emrelinin qolu ilə hesab bərabərləşib. Matçın 84-cü dəqiqəsində uelsli futbolçu Qaret Beyl fərqlənərək komandasını hesabda önə çıxarıb və bu, matçda vurulan sonuncu qol olub.
Beləliklə, görüş Uels millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığması “E” qrupundakı ilk 3 görüşdə də məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komandamız doğma meydanda Macarıstana 1:3 və Slovakiya seçməsinə 1:5 hesabı ilə uduzub.
Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək.