Azərbaycan yığmasının həvəskar boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdəki debüt günü və ilk rəqibi müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, boksçu sentyabrın 13-də ilk döyüşünə çıxacaq. ABŞ-ın Nyu-York şəhərində baş tutacaq qarşılaşmada M.Məcidov Ed Fonteynlə görüşəcək. Onun “Medison Skver Qarden”dəki rəqibi 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan ABŞ boksçusu 6 dəfə məğlub olub.
Ağır çəki dərəcəsində mübarizə aparan M.Məcidov debütü səbirsizlikə gözlədiyini açıqlayıb: “BoxingStar” rəhbərliyinə, promouterim Eddi Heynə və “Matchroom Boxing USA” təşəkkür edirəm ki, mənə belə imkan yaradıblar. Çox həyəcanlıyam. Çempionların üzə çıxdığı Nyu-Yorkdakı döyüşü səbirsizliklə gözləyirəm. Hamı bilsin ki, mən öz boks üslubumla əyləncə bəxş edəcəyəm”.
İdmançının promouteri Eddi Heyn M.Məcidovdan uğur gözlədiyini qeyd edib: “Məhəmmədrəsulun bizə qoşulması fantastik hadisədir. Superağır çəkidə çox gərgin mübarizə var. Məcidov həvəskar boksdakı kimi döyüşsə, böyük gücə çevriləcək. Əmiməm ki, o, sürətlə irəliləmək istəyəcək. Onun karyerasını düzgün qurub, böyük döyüşlərdə iştirakına nail olacağıq”.
Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli reklam müqaviləsi imzalayan M.Məcidov tanınmış promouter Eddi Heynlə çalışır.