FIFA futbol üzrə 2026-cı ildə keçiriləcək XXIII dünya çempionatına ev sahibliyi barədə ABŞ, Kanada və Meksikanın birgə müraciətini Mərakeşin təklifindən yüksək qiymətləndirib.
NUHÇIXAN “Associated Press” agentliyinə istinadla xəbər verir ki, FIFA-nın təftişinin nəticələrinə görə, Şimali Amerika ölkələrinin birgə müraciətinə 5 üzərindən 4, Mərakeşə isə cəmi 2,7 bal verilib.
XXIII dünya çempionatının keçiriləcəyi yer FIFA-nın iyunun 13-də Moskvada təşkil olunacaq konqresində müəyyənləşəcək. İddiaçı ölkələrin təqdim etdikləri müraciətlərin FIFA-nı qane etmədiyi təqdirdə seçkilərin ikinci turu elan ediləcək və qərar 2020-ci ildə qəbul olunacaq.
“DÇ-2026” 48 komandanın iştirak edəcəyi ilk çempionat olacaq. Komandalar 16 qrupda yarışacaq. Qrupların iki ən yaxşı komandası pley-off mərhələsinə vəsiqə qazanacaq.