Gənclər Mərakeş Krallığında səfərdə olublar - FOTOLAR
2-12 sentyabr tarixlərdə Azərbaycan-Mərakeş gənclər mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizin ictimai-fəal gənclərdən ibarət 12 nəfərlik nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov rəhbərlik edib.
Azərbaycan və Mərakeş Krallığı gəncləri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən səfər zamanı nümayəndə heyəti Mərakeş Krallığının Kasablanka, Rabat, Mərakeş, Essouria, Ağadir şəhərlərində olub. Gənclər Mərakeş Krallığının dövlət rəsmiləri, Gənclər və İdman Nazirliyi ilə keçirilən görüşlərdə iştirak edib, eləcə də iki ölkə arasında gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Səfər çərçivəsində Mərakeş Krallığının tarix abidələrinə ziyarətlər təşkil edilib, mərakeşli gənclərlə görüşlər keçirilib, krallığın bir sıra şəhərlərindəki “Gənclər Evləri” və mövcud idman obyektləri ilə tanışlıq olub. Nümayəndə heyəti səfər zamanı ölkəmizin gənclər siyasəti, təhsil sistemi və xüsusilə ölkəmizdə gedən dinamik inkişaf haqqında Mərakeş Krallığının gənclərinə ətraflı məlumat veriblər.