Sentyabrın 17-də Xantı-Mansiyskdə Şahmat üzrə Dünya Kuboku Turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə, Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə qarşılaşmada heç-heçə edib. Ş.Məmmədyarov və T.Rəcəbov birinci partiyada qalib gəldikləri üçün səkkizdəbir final mərhələsinə vəsiqəni təmin ediblər. Azərbaycan şahmatçıları T.Rəcəbov və Ş.Məmmədyarov dünya kubokunun səkkizdəbir final mərhələsində üz-üzə gələcək.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, bu gün isə Eltac Səfərli digər şahmatçımız Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.