Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna start veriləcək.
NUHÇIXAN xəbər verir ki, turun birinci günündə iki görüş oynanılacaq. Birinci oyunda “Sumqayıt” klubu “Sabah” komandası ilə qarşılaşacaq. Saat 17:30-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Günün ikinci matçı “Səbail” və “Qəbələ” komandaları arasında oynanılacaq. Saat 19:45-də start götürəcək görüş “ACCO Arena”da keçiriləcək. Matçın baş hakimi Əliyar Ağayev olacaq.
Sentyabrın 22-də “Bakcell Arena”da “Keşlə” klubu “Neftçi”in qonağı olacaq. Matç saat 18:30-da başlayacaq. Oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Tura sentyabrın 23-də oynanılacaq “Zirə” və “Qarabağ” matçı ilə yekun vurulacaq. Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Dörd turdan sonra turnir cədvəlinə 12 xalla “Qarabağ” klubu başçılıq edir. Doqquz xalı olan “Səbail” ikinci, “Zirə” isə 7 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Keşlə” (6 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Qəbələ” (3) və “Sabah” (2) klubları yer alıblar.