Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avstraliya Parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.
NUHÇIXAN BOK-un saytına istinadla xəbər verir ki, nümayəndə heyətinin rəhbəri xanım Anastasiya Palasçuk 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına Avstraliyanın ev sahibliyi ilə bağlı ölkəsinin namizədlik ərizəsini Tomas Baxa təqdim edib.
BOK prezidenti jurnalistlərə açıqlamasında Avstraliyada idmana və Olimpiya hərəkatına böyük marağı olduğunu deyib: “Görüş maraqlı keçdi. Bizi maraqlandıran suallara cavab ala bildik. Bu Olimpiadanın insanlara, onların maraqlarına cavab verəcək bir idman tədbiri olacağına inanıram”.
Xatırladaq ki, 1956-cı ildə Avstraliyanın Melburn şəhəri Olimpiya Oyunlarına ev sahibliyi edib. Həmin Olimpiadada 67 ölkənin təmsilçiləri mübarizə aparıblar.