Azərbaycan paracüdoçuları Daşkənd Qran-Prisinin ikinci günündə altı medal qazanıblar - FOTOLAR
Sentyabrın 24-də Azərbaycanın altı paracüdoçusu Daşkənd Qran-Prisinin ikinci günündə altı medal qazanıblar.
NUHÇIXAN xəbər verir ki, yarışa dörddəbir final mərhələsindən başlayan Hüseyn Rəhimli (81 kq) Rusiya təmsilçisi Ruslan Sabirovu məğlub edərək yarımfinala yüksəlib. İdmançımız növbəti görüşündə özbəkistanlı Davurxon Karomatovla bacarmayıb. H.Rəhimli bürünc medal uğrunda Cənubi Afrika Respublikasının idmançısı Jacque Joubertlə üz-üzə gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxmağı bacarıb.
Kənan Əbdülxanlı (90 kq) birinci görüşdə rusiyalı Anatoli Şevçenkoya qalib gəlib. Yarımfinal qarşılaşmasında özbəkistanlı Sulaymon Alayevi üstələyən idmançımız finala vəsiqə qazanıb. K.Əbdülxanlı finalda Böyük Britaniya təmsilçisi Kristofer Skelleyidə məğlub edərək milli komandamızın yeganə qızıl medalın qazanıb.
İki qat Paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) isə dörddəbir finalda Koreya Respublikasının paracüdoçusu Qvanq Qeun Çoiyə məğlub olub. Lakin təsəlliverici görüşdə yunanıstanlı Teoklitos Papakristosu üstələyərək bürünc medal uğrunda mübarizəni təmin edib. İ.Zəkiyev bürünc medal uğrunda mübarizədə Böyük Britaniya idmançısı Cak Hodqsona qalib gələrək komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.
Qadınların yarışında 63 kiloqram çəki dərəcəsində yarışan Xanım Hüseynova yarışa dörddəbir final mərhələsindən başlayıb. Təmsilçimiz birinci görüşdə yaponiyalı Hiroko Kudonu mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn X.Hüseynova bu mərhələdə Türkiyə paracüdoçusu Duyğu Cete Artar üstələyərək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda Özbəkistan idmançısı Nafisa Şeripboeva ilə qarşılaşmada məğlub olaraq gümüş medulla kifayətlənib.
Turnirdə 70 kiloqram çəki dərəcəsində çıxış edən Zülfiyə Hüseynova səkkizdəbir final mərhələsində Özbəkistan təmsilçisi Adiba Urinovaya qalib gəlib. Dörddəbir finalda braziliyalı Alana Martinslə dueldən məğlub ayrılan paracüdoçumuz təsəlliverici görüşdə gürcüstanlı İna Qalustianı üstələyərək bürünc medal qazanma şansı əldə edib. Hüseynova növbəti görüşündə rusiyalı Olqa Zabrodskaya ilə görüşdə rəqibindən üstün olaraq bürünc medalı boynundan asıb.
Dürsədəf Kərimova (70 kq-dan yuxarı) dörddəbir finalda italiyalı Karolina Kostaya məğlub olsada təsəlliverici dueldə Ukrayna təmsilçisi Anastasiya Harnikə qalib gəlib. D.Kərimova bu mərhələdə türkiyəli Məsmə Tasbaqla bürünc medal uğrunda mübarizə aparmalı olub. Təmsilçimiz bu mərhələdə rəqibinə aman verməyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Xatırladaq ki, turnirin birinci günündə Namiq Abaslı (66 kq), Sevda Vəliyeva (57 kq) gümüş, Şahanə Hacıyeva (48 kq), Afaq Sultanova (57 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal qazanıblar.
Yarışın yekun nəticəsinə Azərbaycan paracüdoçuları Daşkənd Qran-Prisində otuzbeş ölkə arasında üçüncü olub. Milli komandamızın bir qızıl, üç gümüş və yeddi bürünc medal əldə edib. Turnirin reytinq cədvəlinə görə birinci pillədə Özbəkistan, ikinci pillədə isə İran milli komandası qərarlaşıb.