“Debütdə buraxılmış səhvə aid 1000 oyun” kitabının təqdimatı keçirilmişdir - FOTOLAR
Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabının təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Muxtar respublikamızın bütün şəhər və rayonlarında şahmat məktəbləri tikilərək istifadəyə verilib. Hazırda Şahmat Federasiyasının məşqçi-müəllimləri uşaqlara idmanın bu növünün sirlərini öyrədirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində orta məktəblərdə tədris olunan şahmat dərslərinin sayı artırılıb, müəllimlər hərtərəfli qayğı ilə əhatə olunublar.
Federasiya sədri vurğulamışdır ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə Ali Məclis Sədrinin idmanın inkişafı və federasiyaların fəaliyyəti ilə bağlı verdiyi tapşırıqlar və qarşıya qoyduğu vəzifələrin icrası Şahmat Federasiyası tərəfindən diqqətdə saxlanılır, şahmatın uşaq və gənclər arasında kütləvi hal alması istiqamətində ardıcıl işlər görülür. Bu gün federasiyanın sədr müavini Emin Hacıyevin hazırladığı “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabının təqdimatının keçirilməsi və imtahandan keçmiş şahmat müəllimlərinə sertifikatların verilməsi bunu bir daha təsdiq edir.
Seymur Talıbov kitab və sertifikatların təqdimatı, eləcə də yeni dərs ili münasibətilə bütün müəllimləri təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxışında vurğulamışdır ki, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılmış, ümumilikdə, ümumtəhsil məktəblərinə 490 ədəd ayaqlı, 500 ədəd asma və 3910 stolüstü şahmat dəsti verilmişdir. Sentyabrın 6-da şahmat müəllimlərinin növbəti sertifikasiya imtahanı keçirilmiş, 86 müəllim uğurlu nəticə toplamışdır. Şahmatın tədrisi səviyyəsinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmır. Eyni zamanda ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təmin olunması da diqqətdə saxlanılır. Şahmat Federasiyası tərəfindən fevral ayında şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan “Pillə-pillə” kitabı nəşr olunaraq ümumtəhsil məktəblərinə verilmişdir. Bu gün isə şahmata olan maraq və artan tələbat nəzərə alınaraq Şahmat Federasiyası tərəfindən “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabı təqdim edilib.
Tədbirdə Naxçıvan Şəhər Şahmat Mərkəzinin direktoru Emin Hacıyev, Kəngərli Rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Həsən Tağıyev, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şahmat müəllimi Fəridə Şükürova çıxış edərək yeni kitabın şahmatın tədrisi keyfiyyətinin yüksəldilməsinə əsaslı təsir göstərəcəyini bildirmiş, şahmatçılar üçün yaradılan hərtərəfli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişlər.
Tədbirin sonunda sertifikasiya imtahanında uğurlu nəticə qazanan ümumtəhsil məktəblərinin 86 şahmat müəlliminə “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabı və sertifikatlar təqdim olunmuşdur.