Sentyabrın 28-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirində yarımfinal mərhələsinin tay-breyk partiyaları oynanılıb.
NUHÇIXAN xəbər verir ki, bu mərhələdə çinli Liren Dinq komanda yoldaşı Yanqyi Yu ilə qarşılaşıb. Hər iki şahmatçı arasında ilk iki partiya heç-heçə başa çatıb. Şahmatçılar arasında iki tay-breyk qarşılaşmasının nəticəsinə əsasən, Liren Dinq finala vəsiqə qazanıb. Beləliklə, turnirin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibi Liren Dinq olacaq.
Qeyd edək ki, Teymur Rəcəbov yarımfinal mərhələsində fransalı Maksim Vaşe-Laqrava qalib gələrək finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində iştirak hüququ da qazanıb.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.
Dünya kubokunun finalına yüksələn şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanıblar. FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.