Sentyabrın 29-da futbol üzrə Türkiyə Superliqasının VI turu çərçivəsində “Trabzonspor” öz meydanında “Beşiktaş”ı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Medical Park” arenada baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 31-ci dəqiqədə trabzonlular açıb. “Beşiktaş”ın müdafiəçisi Doruxan Oğuz topu səhvən öz qapısına vurub. Ev sahibləri 42-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıblar. Birinci hissə 2:0 hesabı ilə bitib. İkinci hissənin 64-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Aleksander Sorlot qonaqları bir daha oyuna mərkəzdən başlamağa məcbur edib. “Beşiktaş” isə vurulan qollardan cəmi birinin əvəzini çıxa bilib. Güvən Yetkin komandasının təsəlli qolunu vurub. Bu da oyunda vurulan son qol olmayıb. Qarşılaşmada son nöqtəni Antoni Naduzor Nvakaeme 89-cu dəqiqədə qoyub.
Beləliklə “Trabzonspor” doğma meydanda “Beşikyaş”ı 4:1 hesabı ilə məğlub edib. Bu oyundan sonra “Trabzonspor” çempionatda 9 xalla 5-ci pillədə qərarlaşıb. “Beşiktaş” isə 5 xalla 16-cıdır.
Günün digər oyununda “Konyaspor” doğma meydanda “Kayserisor”u 2:1 hesabı ilə udub, “Antalyaspor” “Malatyaspor”u üç cavabsız qolla məğlub edib. “Gənclərbirliyi” isə səfərdə “Ankaragücü”nə 2:1 hesabı ilə uduzub.
Turun son qarşılaşması sentyabrın 30-da keçiriləcək.