Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirində iştirak edən naxçıvanlı karateçilər 15 müxtəlif əyarlı medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Karate-Do Federasiyaları Assosiasiyası, Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilib. Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 20 idmançısı da iştirak edib.
Naxçıvanlı idmançılardan 9-u 15 müxtəlif əyarlı medal qazanıb. Ləman Bağırova (7 yaş, 20 kiloqram) və Aminə Novruzzadə (10 yaş, 40 kiloqram) fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Fatimə Bağırzadə (6 yaş, 25 kiloqram), Özləm Hacıyeva (10 yaş, 30 kiloqram), Zəhra Məmmədova (10 yaş, 35 kiloqram) və Ayan Məmmədova (11 yaş, 40 kiloqram) isə gümüş medal əldə ediblər. Özləm Hacıyeva və Zəhra Məmmədova, həmçinin kata yarışlarında müvafiq uğura imza atıblar.
Nərgiz İsmayılova (11 yaş, 35 kiloqram) və Nərgiz Həsənli (11 yaş, 42 kiloqram) kata və kumite yarışlarında üçüncü yeri tutublar. Doqquz yaşlı idmançıların mübarizəsində Rafiq Hüseynli beynəlxalq turniri 3 medalla başa vurub. Belə ki, 33 kiloqram çəki dərəcəsində kumite və kata yarışlarında bürünc medal qazanan Rafiq 38 kiloqram çəki dərəcəsində ikinci olub.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, turnirdə 10-dan çox ölkədən 6-13 yaşlı 800 karateçi mübarizə aparıb.