Sədərək rayonunun Heydərabad qəsəbəsinin mini-futbol meydançasında rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-gənclər idman məktəbinin, Naxçıvan Futbol Federasiyası Sədərək Rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə məktəblilər arasında mini-futbol turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov çıxış edib, yarış iştirakçılarına uğur arzulayıblar.
Sonra turnirə start verilib. Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Sədərək” komandası qalib adını qazanıb. Həmin məktəbin “Əjdəkan” komandası ikinci, 2 nömrəli tam orta məktəbin “Kəhriz” komandası isə üçüncü olub.
Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.