İstanbulda keçirilən güləş üzrə U-23 Avropa çempionatının ikinci günündə beş çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulurlar.
NUHÇIXAN xəbər verir ki, bu çəki dərəcələrində Azərbaycanın idman şərəfini Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq) və Orxan Nuriyev (97 kq) qoruyacaqlar.
İdmançılarımızdan dördü çempionata səkkizdəbir final mərhələsindən başlayacaqlar. Murad Məmmədovun ilk rəqibi Danimarka təmsilçisi Mikkel Lassen olacaq. Kərim Cəfərov isə Levani Kavcaradze (Gürcüstan) ilə qarşılaşacaq. Ülvi Qənizadənin də rəqibi gürcüstanlıdır. İdmançımız Ramaz Zoidze ilə gücünü sınayacaq. Orxan Nuriyev finlandiyalı Arvi Savolainen ilə görüşəcək. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq Eltun Vəzirzadənin rəqibi isə polşalı Pyotr Duk olacaq.