İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında veteranların yarışlarına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, 30-34 yaşlı kişi veteranların yarışında Fransa təmsilçisi Çarli Qaillard bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. Kolumbiyalı Xose Luis Diaz Montana ikinci, Braziliya velosipedçisi Qustavo Mesquita Silva üçüncü pillədə qərarlaşıblar.
Çempionatda 35-39 yaş kateqoriyasında kişilərin mübarizəsində boliviyalı Cid Martinez fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çili təmsilçisi Felipe Perez yarışı ikinci, Tiron Cons (Cənubi Afrika Respublikası) üçüncü pillədə başa vurublar.
Kişilər arasında 40-44 yaş kateqoriyasında mübarizədə Fransa idmançısı Kristof Tardivet birinci yeri tutub. Niderlandlı Cunni Breyta ikinci, meksikalı Rodriqa Karrillo üçüncü pillədə qərarlaşıblar.
Həmçinin 45-49 yaş kateqoriyasında niderlandlı Riçard Van Zomeren, Fransa velosipedçiləri Olivier İmbert və Cin Renaud Dukos de Lahitte mükafatçılar sırasında yer alıblar.
Bakı mundialında kişilərin yarışında 50 və daha yuxarı yaş kateqoriyasında yeni zelandiyalı Paul Luttrell birinci pillədə qərarlaşıb. Vinsent Klaessens (İsveçrə) ikinci, Qilles Faivre (Fransa) üçüncü pillədə qərarlaşıblar.
Qadınların mübarizəsində 30-39 yaş kateqoriyasında Çili təmsilçisi Karla Ortiz uğurlu çıxışı ilə yadda qalıb. Niderlandlı Şaron Van Dek Kolk və portuqaliyalı Ana Oliviera ilk üçlüyü tamamlayıblar.
Mundialda qadınlar arasında 40 və daha yuxarı yaş kateqoriyasında Niderland velosipedçisi Rebekka Neus-Viçman bütün rəqiblərini qabaqlayıb. Avstraliya velosipedçiləri Melanie Qibson və Sendi Kameron müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.