Futbolçuların təlim-məşq toplanışı təşkil olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı başlayıb.

Federasiyanın böyük məşqçisi Əsgər Abdullayevin rəhbərliyi altında uşaq futbolçular 1 həftə ərzində məşq prosesində iştirak edəcəklər. 24 futbolçunun dəvət olunduğu təlim-məşq toplanışında Abdullayevin köməkçiləri, məşqçiləri İbrahim Mirzəyev və Bilal Nağıyevdir.

Futbolçular gündə iki dəfə olmaqla məşq prosesində iştirak edirlər. Günün ilk yarısında daha çox fiziki məşqlərə üstünlük verən məşqçilər, günün ikinci yarısında taktiki-texniki təlimlər keçirlər. Eyni zamanda gün ərzində həkim mütəxəssislər uşaq futbolçuların mənəvi-psixoloji hazırlığı ilə məşğul olurlar. Təlim-məşq toplanışı zamanı böyük məşqçi Əsgər Abdullayevin fikirlərini öyrəndik: “Muxtar respublikada futbolun kütləvi hal alması üçün federasiya ilk olaraq uşaq futbolunun inkişafına böyük önəm verir. Bunun nəticəsidir ki, ötən ay federasiya olaraq mərkəz və qərb zonası olmaqla turnir keçirdik. Burada fərqlənən istedadlı uşaqları futbol üzrə Naxçıvan yığmasına dəvət etdik. Hazırda keçirilən 1 həftəlik təlim-məşq toplanışına 24 futbolçu dəvət olunub. Əsas məqsəd bu uşaqları keçiriləcək turnirlərə hazırlamaq, onların oyun təcrübəsini artırmaqdır. Heyətə dəvət olunan futbolçular arasında istedadlı uşaqlar çoxdur,sadəcə, onlarla taktiki-texniki məşqlərə daha çox üstünlük vermək lazımdır ki, təlim-məşq toplanışında da məhz bunun üzərində çalışırıq”.

Qeyd edək ki, Futbol Federasiyası növbəti aylarda da belə təlim-məşq toplanışları təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: