Həndbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə qadınların mübarizəsi ilə start verilib.
Azərbaycan Həndbol Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, yarışın ilk oyununda “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Mövsümün start matçında son çempionun imkanları daha yüksək qiymətləndirilib. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, görüş 29:18 hesabı ilə “Azəryol”un qələbəsi ilə nəticələnib.
İlk oyun gününün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa çəkib. Maraqlı mübarizə şəraitində keçən görüşdə “Qarabağ” qələbə qazanıb - 35:21.
Qeyd edək ki, kişilərdən ibarət komandaların mübarizəsinə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil” - “Məhsul” və “Bakı” – U-18 qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq saat 17:00 və 19:00-da başlanacaq.
Azərbaycan çempionatının bütün oyunları “ABU Arena”da keçiriləcək.