Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.
Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.
Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.
Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.