NUHÇIXAN xəbər verir ki, Naxçıvanda ilk dəfə olaraq 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turniri keçirilir.
Beynəlxalq turniri AFFA, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyası birgə təşkil edib. Yarışda Azərbaycan və Özbəkistandan 5 komanda birincilik uğrunda mübarizə aparır. Ölkəmizi bu yarışda Bakı şəhərinin “Qarabağ” və “Rekord”, Naxçıvanın “Araz-Naxçıvan”, Özbəkistanı isə “Qaraqalpakstan” və “Əndican” komandaları təmsil edir.
Komandalar ilk iki turun qarşılaşmalarını Şərur Olimpiya İdman Kompleksinin stadionunda oynayacaqlar. Digər oyunlar isə Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.
Turun ilk matçında meydana Özbəkistanın “Qaraqalpakstan” və “Əndican” komandaları çıxıblar. Görüş “Əndican” klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti oyunda “Araz-Naxçıvan” və Bakının “Rekord” komandaları üz-üzə gəlib. İlk hissə qonaq komandanın üstünlüyü ilə yekunlaşsa da, ikinci hissədə daha yaxşı oyun nümayiş etdirən “Araz-Naxçıvan” qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılmağı bacarıb.
Oktyabrın 18-də yekun vurulacaq turnirdə qalib komandalar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
Elvin Quliyev