Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında Azərbaycan idmançıları da iştirak edəcəklər.
Azərbaycan Uşu Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısı Ruslan Pirəliyev (65 kq) təmsil edəcəklər.
Uşu üzrə yığma komandamız dünya çempionatına federasiyanın prezidenti və baş məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında hazırlaşır.
Qeyd edək ki, Çində keçiriləcək dünya çempionatında 120-yə yaxın ölkənin idmançıları iştirak edəcəklər.