Avropa Futbol Assosiasiyalar İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin bildirib ki, onun təşkilatı irqçiliyə son qoyulması üçün maksimum səy göstərir. UEFA-nın mətbuat xidməti Çeferinin şərhini təqdim edib.
NUHÇIXAN xəbər verir ki, Çeferinin bu bəyanatı 2020-ci Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan və İngiltərə komandaları arasında matçdan (0:6) sonra başlanmış irqçilik zəminində qalmaqal fonunda dərc edilib. Bolqarıstan tribunalarında toplaşan yerli fanatlar bir neçə dəfə meymunların qışqırıqlarına oxşar səslər çıxarıb, nasistlərin salamlaşmasına oxşar əl hərəkətləri edib, nəticədə futbol görüşünü iki dəfə dayandırmaq zərurəti yaranıb.
Çeferin deyib: “UEFA FARE (futbolda və cəmiyyətdə irqçiliyə qarşı Avropa təşkilatları şəbəkəsi) ilə sıx əməkdaşlıq edir. İrqçilik hallarının aşkar edilməsi və onlara qarşı mübarizə üzrə birgə plana uyğun olaraq hərəkət edilir. İrqçiliyə görə UEFA tərəfindən tətbiq edilən sanksiyalar idmanda ən sərt tədbirlərdən biridir. Buna görə minimum cəza tədbiri stadionun qismən bağlanmasıdır. Mənə inanın, UEFA futbolda bu xəstəliyin kökünün kəsilməsi üçün nə mümkündürsə etməyə çalışır, biz irqçilik təzahürləri ilə barışa bilmərik. Bu sahədə birgə mübarizə üçün hökumətlər, qeyri-hökumət təşkilatları və azarkeşlərlə, həmçinin klublarda və futbol təşkilatlarında işləyənlərin hamısı ilə birgə səy göstərilməlidir”.
Oktyabrın 15-də Bolqarıstan Futbol İttifaqının (BFİ) prezidenti Borislav Mixaylov istefa barədə ərizə verib. Onun ərizəsinə cümə günü BFİ-nin iclasında baxılacaq.