Azərbaycan gimnastları Quadalaxarada (İspaniya) keçirilən bədii gimnastika üzrə Avropa çempionatında 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına maksimum sayda lisenziya əldə ediblər.
NUHÇIXAN-ın Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən verdiyi məlumata görə, lisenziya sahiblərindən biri fərdi proqramda Azərbaycanı təmsil edən Zöhrə Ağamirova olub. Gimnast çoxnövçülükdə 63.200 xal toplamaqla 2-ci Avropa Oyunlarına lisenziyanı təmin edib.
Qrup hərəkətləri proqramında isə Siyana Vasileva, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramova icra etdikləri iki kompozisiyanın ümumi nəticəsinə əsasən 35.700 xal əldə edərək Azərbaycana II lisenziyanı qazandırıblar.
Aerobika gimnastikası üzrə millinin üzvləri dünya çempionatında (Gimarayş, Portuqaliya) çıxış etsələr də, bu növdə lisenziya qazana bilməyiblər.
Xatırladaq ki, aprel ayında Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın idmançımız lisenziya qazanaraq bu oyunlarda iştiraklarını təmin etmişdilər.
Hesabında lisenziya olan digər gimnastika növü isə akrobatikadır. Belçikanın Antverp şəhərində baş tutan dünya çempionatında qarışıq cütlüklərin uğurlu çıxışları onlara da Avropa Oyunlarına yol açıb.
İdman gimnastikasına gəldikdə isə yığmanın üzvləri həm bu il, həm də 2019-cu ildə keçiriləcək Avropa çempionatlarında lisenziyalar uğrunda mübarizəyə qoşulacaqlar.