Gənc karateçilərimiz “Georgian Open” beynəlxalq turnirində uğurla çıxış ediblər - FOTOLAR
Tbilisidə “Georgian Open” beynəlxalq turniri keçirilib.
NUHÇIXAN xəbər verir ki, turnirdə yeniyetmələrin, gənclərin və böyüklərin yarışında 103 karateçimiz mübarizə aparıb. Həm oğlanların, həm də qızların yarışında ölkəmizi təmsil edən idmançılarımız “Samuray” karate klubunun məşqçisi Elmin İsayevin rəhbərliyi ilə turnirə qatılıblar.
Yarışın ilk günündə şəxsi döyüşlərdə Marat Semixov (23 kq) və Tamerlan Kərimli (53 kq) birinci yeri tutublar. Turnirin ikinci günündə Alika Semixova (53 kq) üçüncü yerlə kifayətlənib. Yarışın üçüncü günündə isə open kateqoriyasında Mehyəddin Cəfərli birinci, Marat Semixov ikinci olublar.
Altı-yeddi yaşlı karateçilərin yarışında Marat Semixov, Mehyəddin Cəfərli, İsmayıl Sadıqlı, Azər Rzayevdən ibarət komandamız kumite yarışlarında ikinci yerdə qərarlaşıb. Turnirdə 10-11 yaşlı karateçilər arasında kumite yarışlarında Tamerlan Kərimli, Kamil Kərimli, Raul Əliyev, Hüseyn İsayevdən ibarət komandamız üçüncü yerlə kifayətlənməli olub.
Yığma komandamız turnirdə Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü və Dünya Şotokan Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arif Məmmədovun dəstəyi ilə iştirak edib.