Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) növbəti iclası bu gün Şanxayda keçiriləcək. İclasda 2021-ci ildə çimərlik futbolu üzrə dünya çempionatının harada keçiriləcəyi müəyyən edilməlidir. Turnirə Çili, Rusiya və Salvador ev sahibliyi etmək iddiasındadır.
NUHÇIXAN xəbər verir ki, iclasın Şanxayda keçirilməsi səbəbsiz deyil: 2021-ci ildən etibarən yeni formatda keçiriləcək klublararası dünya çempionatını ilk dəfə məhz Çində keçirmək planlaşdırılır. Əsas dəyişiklik ondan ibarətdir ki, iştirakçı komandaların sayı artırılaraq, 7-dən 24-ə çatdırılıb.
FIFA Şanxayda həm də 17 yaşa qədər və 17-20 yaşlı oyunçular arasında dünya çempionatlarının keçiriləcəyi yerləri də müəyyən edəcək. Çimərlik futbolu üzrə dünya çempionatının harada keçirilməsi məsələsinə gəldikdə, Rusiya Futbol İttifaqı (RFİ) bu turnirə ev sahibliyi etmək üçün öz sifarişini hələ iyun ayında təsdiq edib. RFİ-nin baş katibi Aleksandr Alayev deyib: “RFİ İcraiyyə Komitəsi bu idman növü üzrə ən prestijli və yüksəkstatuslu turnir olan 2021-ci il dünya çempionatının keçirilməsi üçün Moskvanın sifarişini bəyənib. Biz əminik ki, iddiaçı kimi gəlmək üçün hər cür şansımız var”.
Çimərlik futbolu üzrə ilk dünya çempionatı 1995-ci ildə keçirilib. 2005-ci ilə qədər hər il keçirilən çempionat sonradan iki ildə bir dəfə keçirilməyə başlandı. İndiyə qədər Braziliya bu turnirə 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham adaları hərəsi bir dəfə ev sahibliyi edib. 2019-cu ilin dünya çempionatı noyabrın 21-dən dekabrın 1-dək Paraqvayda keçiriləcək. Rusiya yığması bu çempionatların tarixində iki dəfə (2011, 2013-cü illərdə) qalib gəlib.
FIFA-nın iclasında 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı matçlarının təqvimi də təsdiq ediləcək. Yay vaxtı Qətərdə havanın temperaturunun çox yüksək olması nəzərə alınaraq, turnirin keçirilmə müddəti ilin son aylarına dəyişdirilib. Beləliklə, 2022-ci ildə dünyanın ən yaxşı yığmaları bu turnirdə mükafatlar uğrunda noyabrın 21-dən dekabrın 18-dək mübarizə aparacaqlar.
Bugünkü iclasda 2030-cu il dünya çempionatının sifariş kampaniyasının müddəti də müəyyən ediləcək. Bir qədər əvvəl Argentina, Çili, Paraqvay və Uruqvay həmin çempionatın keçirilməsi üçün birgə sifariş vermək arzusunda olduqlarını bildiriblər.