NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv məşğələ keçirib. Məşğələ muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagird və müəllimləri, o cümlədən şahmat məktəblərində 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib.
“Açıq debütlərin izahlı təhlili” mövzusunda keçirilən məşğələni mərkəzin direktoru, beynəlxalq hakim Emin Hacıyev tədris edib. Məşğələ zamanı müəllim və şagirdlərə debütlərin izahlı təhlili, piyada sonluğuna aid nümunələr göstərilib.
Bu gün həmçinin Naxçıvan Şahmat Mərkəzində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün “Elektron vəsaitlərdən istifadə” mövzusunda seminar da keçirilib.
İnteraktiv məşğələlərin keçirilməsində əsas məqsəd şahmatın kütləviliyini təmin etmək, şagirdlərin bu sahəyə maraqlarını daha da artırmaqdır. Həmçinin şahmatçılar arasında rəqabət mühitinin formalaşdırılmaq, ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırmaq və uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətini gücləndirməkdir.
Nurlan Sadiqov