Sentyabrda muxtar respublika idmançılarının müxtəlif idman növləri üzrə keçirilən Azərbaycan çempionatlarında, beynəlxalq turnirlərdə iştirakı təmin olunub, onlar yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 3, beynəlxalq turnirdə 16, beynəlxalq yoldaşlıq görüşündə 17 medal olmaqla, ümumilikdə, 36 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, nazirlik tərəfindən sentyabrda gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin artırılması, dünyagörüşlərinin formalaşdırılması, onlara vətənpərvərlik hisslərinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülüb.
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında “İntellekt döyüşü” adlı layihə çərçivəsində “Xəmsə”, “Poliqon”, “Axtar, tap!” intellektual oyunları, “Naxçıvanın turizm imkanları” mövzusunda fotomüsabiqə təşkil olunub.
Gənclər arasında idmanın kütləviliyinə nail olmaq məqsədilə üzgüçülük, karate-do, sərbəst güləş, boks, voleybol, futbol, kikboksinq, peyntbol, yüngül atletika növləri üzrə birinciliklər, yoldaşlıq görüşləri təşkil edilib.