Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusunu - divanının surətini əldə edib.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, divanda şairin qəzəl, mürəbbe, müxəmməs və müstəzadları toplanıb. 1687-ci ildə köçürülmüş divan 168 vərəqdən ibarətdir. Vərəqlərin kənarlarında və divanın sonunda onun farsca şeirləri də var. Zövqinin şeirlərində hürufiliyin, xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin güclü təsiri görünür. Onun 134 qəzəlindən 64-ü Nəsimi şeirlərinə nəzirədir. Bundan başqa, şairin Füzuli yaradıcılığından da təsirləndiyi görünür. Onun divanında Füzuli şeirlərinə 18 nəzirə var. Əsər XVII əsr Azərbaycan ədəbiyyat tarixinin araşdırılması baxımından böyük maraq kəsb edir.