Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, milli komanda kubalı Umberto Orta Dominqezə həvalə edilib. Əlli üç yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.
Umberto Orta 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib. O, 1984-1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. Kubanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında fəaliyyət göstərən mütəxəssis 1992-2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi çalışıb. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanıblar. “London 2012” və “Rio 2016” Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında U.Ortanın rəhbərliyi altında çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 il burada işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib.
Nəriman Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.