UNESKO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Konvensiyasının yeddinci sessiyası işə başlayıb
UNESKO-nun Parisdəki mənzil qərargahında təşkilatın Baş Konfransının 2005-ci il oktyabrın 19-da keçirilmiş 33-cü sessiyasında qəbul edilmiş “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyası (COP7) işə başlayıb.
NUHÇIXAN xəbər verir ki, Konvensiyanın bütün iştirakçı dövlətlərinin, eləcə də UNESKO-ya üzv ölkələrin iştirakı ilə iki ildən bir keçirilən sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılıb.
Sessiyadan əvvəl ilk dəfə olaraq ekspertlərin, tanınmış şəxslərin, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Forum keçirilir. Müzakirələr “Süni intellekt və genetik dopinq”, “Dəyərlərə əsaslana təhsil” və “Qadınların və gənclərin idmana çıxışı” kimi üç əsas mövzu ətrafında aparılacaq. Həmçinin, UNESKO-nun, iştirakçı dövlətlərin daimi nümayəndə heyətlərinin, milli anti-dopinq təşkilatlarının təmsilçiləri də müzakirələrdə fəal iştirak edəcəklər.
Oktyabrın 30-da və 31-da isə COP6 qətnamələrinin monitorinqi və ötən müddətdə əldə olunan irəliləyişlər ətrafında müzakirələr aparılacaq. COP7 sessiyası 2017-ci və 2018-ci illərdə aparılmış qiymətləndirmə tövsiyələrinin tətbiqi ilə əməliyyat mexanizmlərinin tərtib edilməsinə və idmanda dopinqdən istifadənin aradan qaldırılmasına dair Fonda töhfələrini verəcək.