Naxçıvanlı gənclər Batabatı gəziblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bir qrup naxçıvanlı gənc "Naxçıvanı tanıyaq" devizi altında keçirilən ekskursiya çərçivəsində Batabat Astrofizika Rəsədxanasında olub. Onlara rəsədxana haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada hazırda günəş sistemi cisimləri tədqiq edilir. Yaxın gələcəkdə isə ulduz və qalaktikaların müşahidəsini də aparmaq mümkün olacaq.
Sonra gənclər Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində yerləşən İnformasiya Mərkəzinin flora, fauna və etnoqrafiya muzeyləri ilə tanış olublar. Muzeydə məlumat verilib ki, qoruq ərazisində 2000-ə yaxın müxtəlif bitki növü qeydə alınıb. Onlardan 120-si dərman bitkisi kimi herbailəşdirilərək muzeydə sərgilənir.
Qeyd edək ki, “Naxçıvanı tanıyaq” devizi altında təşkil olunan ekskursiya Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Sadiq Məmmədov