BOK 2020-ci il Olimpiadasında marafon yarışlarının Tokiodan Sapporoya keçirilməsi üzrə işçi qrup yaradacaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Olimpiya oyunları dövründə marafon və idman yerişi üzrə yarışların Tokiodan ölkənin şimalındakı Sapporo şəhərinə keçirilməsi prosesi ilə məşğul olacaq işçi qrup yaratmaq niyyətində olduğunu bildirib. BOK-un əlaqələndirmə komissiyasının rəhbəri Con Kouts bu barədə çərşənbə gün mətbuat konfransında məlumat verib.
“Noyabrın 1-də Yaponiya hökumətinin, paytaxt administrasiyasının, 2020-ci il Olimpiya oyunlarının Təşkilat Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrindən ibarət dördtərəfli işçi qrup yaradılmasını təklif edirəm”, - deyən Kouts vurğulayıb ki, əgər paytaxt administrasiyasının və ya Tokio sakinlərinin hər hansı sualları qalıbsa, BOK yarışların bir hissəsinin paytaxtdan ölkənin şimalına keçirilməsi barədə qərarını tam həcmdə və istənilən formada izah etməyə hazırdır.
Kouts daha sonra deyib: “Biz Tokio sakinlərinin apardığı hazırlıq işlərini başa düşür və qiymətləndiririk. Biz öz qərarımızın nəyə əsaslandığını izah etməyə hazırıq”.
NUHÇIXAN xəbər verir ki, BOK-un möhkəm istilər səbəbindən marafon və idman yerişi yarışlarının paytaxtdan ölkənin şimalındakı Sapporo şəhərinə keçirilməsi barədə qərarı paytaxt administrasiyası tərəfindən mənfi qarşılanıb. Tokio-2020 Olimpiya Oyunlarının Təşkilat komitəsinin rəhbəri Yesiro Mori bildirib ki, paytaxtın hakimiyyət orqanları BOK-un bu qərarı ilə razılaşmalı olacaqlar.
Son üç ildə iyulun sonu – avqustun əvvəlində Tokioda havanın orta temperaturu 30 dərəcədən yüksək olub. Bu, Tokioda Olimpiya Oyunlarının keçirildiyi 1964-cü ilin müvafiq göstəricilərindən xeyli yüksəkdir. Lakin o vaxt yarışlar oktyabrın əvvəlində təşkil edilmişdi. İdmançılar və tamaşaçılar üçün ciddi sınaq olan marafon və uzun məsafələrə idman yerişi yarışları bu baxımdan xüsusilə təhlükəlidir.
XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-da Tokioda keçiriləcək. Yarışların təşkilinə təqribən 2 trilyon yen (17,8 milyard dollar) xərclənməsi nəzərdə tutulur.