Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.
NUHÇIXAN Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, mundiala 8 idmançı ilə yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb.
Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıblar. Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticə ilə millimiz dünya üçüncüsü olub.
Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.
Qeyd edək ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən bu yana keçirilən analoji yarışlarda sərbəst güləş yığmamızın ən yaxşı nəticəsidir.