BƏƏ və Argentina dünya şahmat tacı uğrunda yarışa ev sahibliyi etmək üçün namizədliklərini irəli sürüblər
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Argentina 2020-ci ildə keçiriləcək dünya şahmat tacı uğrunda yarışa ev sahibliyi etmək üçün namizədliklərini irəli sürüblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç məlumat verib.
2020-ci ilin mart-aprel aylarında Rusiyada keçiriləcək iddiaçılar turnirinin qalibi dünya şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq. Şahmatçımız Teymur Rəcəbov iddiaçılar turnirinə vəsiqəni təmin edib.
Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyanın paytaxtı Londonda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.