Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılacaq.
NUHÇIXAN xəbər verir ki, UEFA püşköncəsi komandaları səbətlərə bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamız qrup ikincisi olacaq İtaliya, Sloveniya və Serbiya ilə üz-üzə gəlməyəcək. Qrup birinciləri isə İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan yığmaları olacaqlar.
Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni tutmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaqlar.
Elit-raundun oyunları 2020-ci il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcəklər. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcəklər. Pley-off mərhələsinin oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər.
Çempionatın final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”, “Vilnüs Arena” və “Klaipeda Arena”da keçiriləcək.