Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Məcəlləsi və bir sıra beynəlxalq standartlara yenidən baxılması ilə əlaqədar qanunvericiliyə dəyişikliklər paketi hazırlayır.
NUHÇIXAN xəbər verir ki, bunu Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Antidopinq Konfransında iştirak edən AMADA-nın direktoru Şəfəq Hüseynli deyib.
Min beş yüzdən çox təmsilçinin iştirak etdiyi konfransa AMADA-nın nümayəndə heyəti də qatılıb. Beşinci dəfə keçirilən konfrans Ümumdünya Antidopinq Agentliyinin 20 illiyinə təsadüf edib. Tədbirin əsas məqsədi yeni məcəllə və standartların yekun variantlarını qəbul etmək olub. Bundan başqa, mövcud Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluq, laboratoriyalar, qadağan edilmiş maddə və üsulların siyahısı, fərdi məlumatların məxfiliyi və qorunması, test keçirmə və təhqiqatlar, terapevtik istifadə üçün istisnalar üzrə standartlar və ilk dəfə qəbul olunan təhsil və nəticələrin emalı üzrə standartlar da tədbirin gündəmində yer alıb. Sənədlər 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək.
“Məcəllə Ümumdünya Antidopinq Proqramının əsas sənədidir. Məcəllə və standartlara yenidən baxılması milli antidopinq qanunvericiliyinə ciddi əlavə və dəyişikliklərin olunmasını zəruri edir”, - deyə Ş.Hüseynli bildirib.
Düzəlişlərin kompleks xarakter daşıdığını vurğulayan AMADA-nın direktoru bildirib ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun və antidopinq qaydalarından başqa Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulur. AMADA düzəlişlər paketini Nazirlər Kabinetinə yaxın bir zamanda təqdim edəcək.
Ümumdünya Antidopinq Məcəlləsi 2004-cü ildə işləməyə başlayıb. Hazırda 2015-ci ilin Məcəlləsi qüvvədədir.