16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası gələn il Azərbaycanda keçirilə bilər.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Azərbaycan Şahmat Federasiyası (AŞF) Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məktub yollayıb. AŞF və Naxçıvan Şahmat Federasiyasının birgə müraciətində Naxçıvanın 2020-ci ildə mötəbər yarışa ev sahibliyi etmək istəyi bildirilib.
Bir müddət əvvəl FIDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədovla AŞF-nin vitse-prezidenti Faiq Həsənov Naxçıvanda səfərdə olub. Səfər idman qurğuları, şahmat məktəbləri eləcə də infrastrukturla tanışlıq məqsədi daşıyıb. 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi üçün uyğun komplekslərə baxış keçirilib.
M.Məmmədov yarışın Naxçıvanda yüksək səviyyədə keçirilməsinin mümkünlüyünü bildirib: "Bir müddət əvvəl AŞF-nin vitse-prezidenti Faiq Həsənovla birgə Naxçıvanda olduq. Azərbaycanın bütün şəhərlərində şahmat çox sevilir. Naxçıvanda da şahmata xüsusi maraq və qayğı var. Seymur Talıbov Naxçıvan Şahmat Federasiyasına rəhbər seçiləndən sonra kütləvilik artıb, maraq çoxalıb. Artıq ilkin nəticələr özünü göstərir. Naxçıvan təmsilçiləri beynəlxalq turnirlərdə iştirak edir, layiqincə mübarizə aparırlar. Bu yarışı yüksək səviyyədə təşkil etmək üçün bütün şərait var. FİDE müsbət cavab verəcəyi halda bu məsələylə bağlı ətraflı danışmaq mümkün olacaq".
Qeyd edək ki, bu il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.
2016-cı ildə böyüklər arasında 42-ci Şahmat Olimpiadası Bakıda keçirilib.