“Neftçi” futbol klubunun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.
Komandanın yeni baş məşqçisi 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirən Roberto Bordin həmin il məşqçilik fəaliyyətinə başlayıb. O, İtaliyanın “Bolonya”, “Padova”, “Hellas Verona”, “Sassuolo”, Rumıniyanın ÇFR klublarında məşqçi, İtaliyanın “Triestina” və Moldovanın “Şerif” klublarında baş məşqçi vəzifələrində çalışıb.
Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdırdığı “Şerif” Moldova çempionatının, kubokunun və Superkubokunun qalibi olub. İtaliyalı məşqçi 2017-ci ildə komandanı UEFA Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.