Türkiyə Superliqası: "Qalatasaray" səfərdə rəqibinə qalib gələrək çempionatda dördüncü pilləyə yüksəlib
Noyabrın 9-da futbol üzrə Türkiyə Superliqasının XI turu çərçivəsində növbəti oyun keçirilib. Turnir cədvəlində yeddinci sırada qərarlaşmış "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.
NUHÇIXAN xəbər verir ki, "Qaziantep" stadionunda oynanılan görüşdə hesabı 22-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Ömər Bayram açıb. "Qalatasaray" 43-cü dəqiqədə Sofian Fequlinin vurduğu qol sayəsində matçda hesab arasındakı fərqi iki topa çatdırıb. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb.
Beləliklə, "Qalatasaray" komandası səfərdə "Qaziantep"a 2:0 hesabı ilə qalib gələrək turnir cədvəlində 19 xalla dördüncü pilləyə yüksəlib.
Bu gün keçirilən "Gənclərbirliyi" - "Kayserispor" görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rizəspor" komandası "Antalyaspor"u minimal hesabla məğlub edib - 1:0. "Konyaspor"dan 2:0 hesabı ilə üstün olan "Sivasspor" isə xallarının sayını 21-ə çatdırıb və çempionatın lideri olub.
Turun digər oyunları noyabrın 10-da keçiriləcək.