Makedoniyanın Skopye şəhərində keçirilən karate-do üzrə XI Avropa çempionatında uğurla çıxış edən naxçıvanlı idmançılar muxtar respublikanın Karate-do Federasiyası tərəfindən mükafatlandırılıblar.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Karate-do Federasiyasının sədri Fazil Ələkbərov idmançılarımızı əldə etdikləri uğur münasibəti ilə təbrik edib.
Çıxışda vurğulanıb ki, bu uğurlu nəticənin qazanılmasının əsas səbəblərindən biri muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də yaradılan hərtərəfli şərait, zəngin maddi-texniki baza, müasir idman infrastrukturudur. Diqqətə çatdırılıb ki, son illər yeniyetmə və gənclərin bu idman növünə olan marağı daha da artıb. Xüsusilə də qızların karate idman növünə cəlbi istiqamətindəki tədbirlərin bundan sonra da diqqətdə saxlanılacağı qeyd edilib.
Federasiya sədri yaradılan hərtərəfli şəraitə, göstərilən diqqət və qayğıya görə federasiya üzvləri, eləcə də idmançılar və onların valideynləri adından Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Sonra Federasiyanın sədr müavini Nəriman Quliyev çıxış edərək XI Avropa çempionatı barədə məlumat verib. Bildirilib ki, həmin çempionatda ölkəmizi 190 karateçi təmsil edib. Onlardan 7-si muxtar respublika idmançısı olub. Naxçıvan idmançılarının çempionatdan 5 qızıl, 2 gümüş və 11 bürünc olmaqla, ümumilikdə, 18 medalla Vətənə qayıtmaları mühüm idman hadisəsidir.
Valideynlər adından Elmar Həsənov, Anar Hüseynov və Loğman İsmayılov, idmançılardan isə Vüsal Seyidov çıxış edərək, muxtar respublikamızda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda muxtar respublikamıza uğurlu nəticələrlə dönən karateçilərimizə federasiyanın hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.