Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkilatın mini-futbol və çimərlik futbolu üzrə komitəsinin yeni tərkibdə birinci iclası keçirilib. On səkkiz üzvü olan komitənin sədri rusiyalı Aleksandr Alayev, müavini isə portuqaliyalı Pedro Diaşdır.
NUHÇIXAN xəbər verir ki, iclasda 19 yaşınadək qadın futbolçular arasında ilk Avropa çempionatının və mini-futbol üzrə qadınlar arasında Avropa çempionatının yekunları, habelə Alma-Atı şəhərində keçirilən UEFA Çempionlar liqasının ilk turniri və digər iri yarışlar müzakirə olunub. Bundan başqa, mini-futbol üzrə Avropa və dünya çempionatlarının seçmə oyunlarının formatı məsələsinə baxılıb. Qısamüddətli turnirlərin sistemində dəyişikliklər barədə qərar qəbul edilib.
İclasda iyulun 19-27-də Moskvada keçirilmiş çimərlik futbolu üzrə çempionatın seçmə turnirinə də yekun vurulub. Bu məsələdə mühüm addım UEFA-nın ilk dəfə maliyyə vəsaitinin ayrılması da daxil olmaqla, seçmə yarışların təşkilini dəstəkləməsidir. Qeyd olunub ki, Avropa qitəsi mini-futbol və çimərlik futbolu turnirlərinin mərkəzinə çevrilir və yaxın vaxtlarda burada böyük turnirlər keçiriləcək.
Komitənin növbəti iclası 2020-ci ilin yazında təşkil ediləcək.