Çin Futbol Assosiasiyası italiyalı mütəxəssis Marçello Lippinin Çin millisinin baş məşqçisi vəzifəsindən istefasını qəbul edib.
NUHÇIXAN Çin Futbol Assosiasiyasına istinadla xəbər verir ki, Marçello Lippi Çin millisinin 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində noyabrın 14-də Suriya yığmasına 2:1 hesabı ilə məğlub olmasından sonra istefa verib. Həmin oyundan sonra Çin millisi qrup lideri Suriyadan 5 xal geri olmaqla 7 xalla qrup ikincisidir. Çin komandasının dünya çempionatına vəsiqə qazanmaq şansı çox aşağıdır.
Qeyd edək ki, bu, 71 yaşlı italiyalı futbol mütəxəssisinin Çin millisindən ikinci istefasıdır. Marçello Lippi ilk dəfə 2016-cı ilin noyabrında Çin millisinin baş məşqçisi vəzifəsinə təyin edilmişdi. Amma o, cari ilin yanvarında Çin yığmasının Asiya kubokunun dörddəbir finalında İran millisinə 0:3 hesabı ilə məğlub olmasından sonra istefa vermişdi. Lakin may ayında yenidən Çin millisinin baş məşqçisi təyin edilmişdi.