Futbol üzrə Azərbaycan millisi “Avro -2020”nin seçmə mərhələsini məğlubiyyətlə başa vurub.
NUHÇIXAN xəbər verir ki, millimiz noyabrın 19-da Trnava şəhərindəki Anton Malatinskiy stadionunda Slovakiya yığmasının qonağı olub.
“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu ukraynalı hakimlər idarə edib.
Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Vüsal İsgəndərli, Ramil Şeydayev, Eddi İsrafilov, Abbas Hüseynov, Anton Krivotsyuk və Cavid Hüseynov yer alıblar.
Slovakiya yığmasının ilk on birliyində isə meydana Martin Dubravka, Peter Pekarík, Lukaş Haraslin, Robert Bojeník, Matuş Bero, Milan Şkrinyar, Norbert Dyömber, David Hançko, Marek Hamşik, Yuraj Kuçka və Stanislav Lobotka çıxıblar
Oyunda hesabı meydan sahibləri açıblar. Belə ki, matçın 19-cu dəqiqəsində Robert Bojenik fərqlənib. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib. Beləliklə, Slovakiya millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ikinci hissəsində də slovakiyalı futbolçular fərqləniblər. Matçın 87-ci dəqiqəsində Marek Hamşik hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, matç Slovakiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz mübarizə apardığı E qrupunu 1 xalla sonuncu pillədə başa vurub. Hesabında 17 xal olan Xorvatiya millisi qrup birincisi kimi turnir final mərhələsinə vəsiqəni təmin edib
Slovakiya və Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci dəfə üz-üzə gəliblər. İndiyədək keçirilmiş 7 matçdan 6-da rəqib qalib gəlib. 2001-ci il iyunun 6-da Bakıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda isə Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb.