Ötən ay muxtar respublika idmançılarının müxtəlif idman növləri üzrə keçirilən Azərbaycan çempionatlarında, beynəlxalq turnirlərdə iştirakı təmin olunub, idmançılarımız yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 16 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, nazirlik tərəfindən oktyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşünün formalaşdırılması və vətənpərvərlik hisslərinin aşılanması, idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülüb.
Ötən ay Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Babək, Culfa və Ordubad rayon birincilikləri, “Muxtar respublikanın ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsi çərçivəsində “Təbiətsevər” yarışı, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii qiraət müsabiqəsi, “Xəmsə” milli intellektual oyunu keçirilib, Şahbuz rayonunda Naxçıvan Dövlət Universitetinin gənc ifaçılarının konserti təşkil olunub.
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayon muzeylərinə ekskursiyası təşkil edilib, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” və “Xalqa bağışlanan ömür” adlı sənədli filmlər nümayiş olunub. 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yeniyetmə və gənclər arasında boks, cüdo, karate-do, basketbol, kikboksinq, voleybol, boccia, şahmat idman növləri üzrə birinciliklər və yoldaşlıq görüşləri, Naxçıvan Futzal Liqasının oyunları, 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının təlim-məşq toplanışı, Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində tələbələrlə futbol hakimliyi kursu təşkil edilib.